“Nərimanın oyun qabiliyyəti var”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Mütəxəssis “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolumbus Kru”ya mümkün keçidinə münasibət bildirib:
“Azərbaycanlı futbolçular inkişaf etmək üçün xaricdə oynamalıdırlar. Çünki xaricdə çempionatlara baxış, azarkeşlər və digər məqamlar futbolçuların inkişafına təsir edir. Nərimanı çox yaxşı tanıyıram. Yığmada olarkən onunla xeyli söhbətlərim olub. Sakit, mədəni və işgüzar oğlandır. Onun qol vurmaq qabiliyyəti yaxşıdır. Son illərdə hücumameyilli çox oyunçumuz olmayıb. Düşünürdüm ki, o, yayda hansısa Avropa klubuna keçə bilər. Bildiyim qədər təkliflər də var idi. İndi Amerikaya getməsi onun öz seçimidir və buna hörmətlə yanaşmaq lazımdır. Ona uğurlar arzulayıram"
Mütəxəssis bildirib ki, Nəriman Amerikada özünü yaxşı tərəfdən göstərməklə digər azərbaycanlı futbolçulara da yol aça bilər: "Hər bir oyunçunun maksimum göstərə biləcəyi potensialı var. Ola bilər ki, futbolçu müəyyən müddətdə səviyyəsini daha da yüksəltsin, lakin bu səviyyəni stabil saxlamaq hər zaman mümkün olmur. Buna görə də futbolçuları, o cümlədən Nərimanı tənqid edərkən bu məqam nəzərə alınmalıdır. Tənqid doğru və ədalətli olmalıdır”.
Qeyd edək ki, 21 yaşlı hücumçunun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


