“Əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır”.
Bunu Offsideplus.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev deyib.
O, Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun təxirə salınma ehtimalı ilə bağlı danışıb: “Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq”.
Qeyd edək ki, matçın saat 14:30-da keçirilməsi nəzərdə tutulub.


