Azərbaycanda komanda top oyunları idman növləri arasında an etibarilə ilk üç pillədə qərarlaşan futbol, basketbol və voleyboldur. İlk iki idman növündə yeni yaradılmış bəzi klubların düzgün hədəf və idarəçilik ilə istədikləri hədəflərə nail olmasını görmüşük. Voleybolda da fəaliyyətinə 10 aydan az müddətdə başlamış klublardan biri fırtına qoparmağa davam edir. Söhbət “DH Volley” klubundan gedir.
Hədəfi yerli və beynəlxalq arenalarda uğurlu çıxışlarla Azərbaycan voleybolunu təmsil etmək olan klub “Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. “Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Bu çərçivədə şirkət ölkə voleyboluna böyük töhfə verir. Azərbaycan voleybolunun inkişafını dəstəkləmək məqsədilə 2024-cü ildə “Azərlotereya”nın “Misli” brendi və Azərbaycan Voleybol Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “DH Volley” klubunun yaradılması da bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verib.
Fərid Cəlalovun baş məşqçilik etdiyi komanda hazırda qadınlar üzrə Yüksək Liqada 27 xalla ikinci yerdə qərarlaşıb. Kollektiv ən yaxın rəqibini 7 xal qabaqlayır, lider “Turan”dan 3 xal geridədir. Təbii ki, iş bununla bitmir, qarşıda pley-off matçları keçiriləcək.
Komandanın baş məşqçisi F.Cəlalov "DH Volley"in fəaliyyətə başlamasının tarixçəsini və qarşıdakı əsas hədəfləri danışıb:
“Keçən mövsümün ortalarından artıq “DH Volley” klubunun yardılmasının danışıqları gedirdi. Mövsüm bitməzdən əvvəl bu kluba baş məşqçilik etməyim ilə bağlı təklif gəldi. Yeni yaradılmış klubdur. Azərbaycan voleybolunun tanınmış simaları var. İşləməyi qəbul etdim. Yeni yaranmağımıza baxmayaraq, ümid edirəm ki, istədiyimiz hədəflərə nail olacağıq. Hədəfimiz final oynamaq, çempion olmaqdır. İnşallah, buna doğru gedirik. Hamımız bir yerdə bu işi yaxşı nəticə ilə sonlandıracağıq. Komandamız avrokuboklarda iştirak etmək üçün iddialıdır. Məqsədimiz ölkə çempionu olaraq iştirak etməkdir”.
“DH Volley” cari mövsüm keçirdiyi 11 oyundan 9-da qalib gəlib, 2-də məğlub olub. Bəs liqada rəqabət necədir?
F.Cəlalov: “Oyunlar qarşılıqlı mübarizə şəraitində keçir. Sezonumuzun çətin olacağını qeyd etmişdim. İkinci yerdə qərarlaşmışıq, oyunlarda qızlarımız da çalışır. Qarşıdakı matçlarımızı yüksək nəticə ilə yekunlaşdırıb, pley-offa ön sıralarda girmək istəyimiz var. Qarşılaşdığımız rəqiblərdən “Turan Tovuz” və UNEC-ə məğlub olmuşuq. UNEC-lə oyunda sayda azlığımız vardı və zədəli oyunçularımıza görə 2:3 hesabı ilə uduzduq. “Turan”a qarşı matçda 1:3 hesablı məğlubiyyət yaşadıq. Milli Avasiya Akademiyası komandası da güclüdür, “Abşeron” da mübariz komandadır. Qarşılaşdıqca onların gücünü görürük”.
Kapitanı ölkə voleybolunun simalarından biri Aynur İmanova olan komanda yerli və legioner voleybolçulardan ibarətdir. Fərid Cəlalov qızlara mesajını buradan çatdırıb:
“Qızlara yekun sözüm budur ki, özlərinə inansınlar. Çempion olacağımıza inansınlar. Bunu hər oyundan qabaq deyirəm. Biz bunu edə bilərik, özü də çox rahatlıqla. Komandamızdakı oyunçuların hər birinin potensialına bələdəm. Bu potensialı birləşdirib, əl-ələ verib, istər rəhbərlik, istərsə də özümüzün qarşımıza qoyduğumuz hədəfi gerçəkləşdirəcəyik. Mətin olsunlar, axıra qədər belə davam etsinlər”.








