AFFA-nın geridə qoyduğumuz il və aylarda nə işlər gördüyünü baş katib Cahangir Fərəcullayevin vəzifəsinə təyin olunmasının bir illiyi tamam olduğu vaxtda analiz etmək ən doğru addım olardı.
2025-ci il Azərbaycan futbolu üçün bir qədər dəyişikliklər dövrü oldu desək yanılmarıq. Yeni AFFA rəhbərliyinin qınanılmasının əsas səbəblərindən biri Azərbaycan milli komandasına əcnəbi baş məşqçi gətirmək idisə, bunun qarşısı Fərəcullayevin baş katibliyi dönəmində alındı. Çalışdığı klublarda səliqə-sahman yaratması ilə tanınan Ayxan Abbasova əvvəlcə U-21 yığmamız, Fernandu Santuşun göndərilməsinin ardınca isə əsas milli komanda həvalə olundu. Cənab Santuş qarşısına qoyulan vəzifələri yerinə yetirə bilməyincə, son sözü media önündə C.Fərəcullayev deyib, portuqaliyalı Avropa çempionunu yola saldı.
Apreldə AFFA-nın hesabat konfransında iştirak edən C.Fərəcullayev AFFA-da səliqə-sahman yaradacağı barədə əvvəldən məlumat vermişdi. "Ciddi dəyişikliklər olacaq", deyən Fərəcullayevin dönəmində ölkənin ən böyük futbol qurumunda kadr islahatları baş tutdu.
Bəzi təyinatları nəzərdən keçirək. Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olundu. AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru olmuş Elçin Məmmədova AFFA-nın baş katibinin müavini, Rəhim Həsənova isə AFFA Hakimlər Komitəsinin sədri vəzifəsi həvalə edildi. Zümrüd Ağayeva isə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri oldu.
Qadın futboluna göstərilən diqqəti xüsusi vurğulamaq lazımdır. Qızlarımız həm AFFA, həm də azarkeşlər tərəfindən heç vaxt görmədiyi dəstəyi gördü.
2025-ci ilin əvvəlində təqdim olunan AFFA inkişaf strategiyasındakı 5 əsas hədəfə nail olmaq isə belə görünür ki, bir qədər vaxt aparacaqdır. Bəs strategiyanın reallaşdırılması üçün əsas maneə nədir? Bu əlbəttə ki, maliyyədir. Bildiyimiz kimi strategiya hazırlansa da, onun reallaşdırılması üçün donor və ya ciddi mənada büdcə yoxdur. Bu da AFFA rəhbərliyinin əsas baş ağrılarından biridir.
Ölkəmiz bir müddətdən sonra nəhayət vacib futbol yarışına ev sahibliyi edəcək. 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.
Hədəfə gedən yolda kiçikdən böyüyə bütün futbolsevərlərin gözünə işıq gətirən “Sabahın Ulduzları” layihəsinin yenidən bərpa olunduğunu da xatırlatmaq lazımdır.
Görünən budur ki, AFFA illərdir durğun vəziyyətdə olan futbolumuz üçün addımlar atmağa çalışır. İllərdir futbol təsərrüfatının dağıdılması, yalnış qərarlar və səbatsız idarəçilikdən sonra bir günün-bir ilin içində dəyişiklikləri gözləmək də sadəlövlük olardı. Ancaq ilkin addımlar artıq görsənir...



