“Təkliflərim çox idi — həm başqa klublardan, həm də digər ölkələrdən menecerlər vasitəsilə müraciətlər almışdım”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan yığmasının üzvü Nigar Mirzəliyeva deyib.

Almaniyanın “Hamburq” klubuna keçid edən futbolçu transferi ilə bağlı danışıb: “Hamburq”dan təklif olduğu deyiləndə bir az düşündüm, qərar verməkdə çətinlik çəkirdim. Çünki həmin vaxt “Zenit”də idim və oradan ayrılmaq mənim üçün asan deyildi. Daha sonra məşqçilərim və ailəmlə məsləhətləşdim və qərara gəldim ki, bu addım həm karyeram, həm də ölkəm üçün doğru və gözəl olacaq. Beləliklə, “Hamburq”a gəldim və qətiyyən peşman deyiləm — çox xoşbəxtəm. Kollektiv, məşqçi heyəti və qızlar hamısı çox yaxşıdır. Düşünürəm ki, uğura gedən yol məhz “Hamburq”dan keçir”.

23 yaşlı futbolçu bildirib ki, sevinclə yanaşı, böyük məsuliyyət də hiss edir: “Bundesliqaya transfer olunan ilk azərbaycanlı qadın futbolçu olmaq mənim üçün çox böyük fəxr və uğurdur. Çox sevincliyəm. Məsuliyyət isə həqiqətən böyükdür, çünki hazırda məşqçi heyəti, komanda yoldaşlarım və ümumilikdə hər kəsin diqqəti mənim üzərimdədir. Mən burada ölkəmi və Azərbaycan qadın futbolunu təmsil edirəm — bu da özlüyündə böyük məsuliyyətdir. Çalışacağam ki, Bundesliqada adımla və oyunumla tanınım. Məqsədim isə daha güclü ölkələrdə, yüksək səviyyəli liqalarda çıxış etməkdir”.

Qeyd edək ki, Mirzəliyeva Almaniya təmsilçisi ilə 2.5 illik müqavilə imzalayıb. Bundesliqada mübarizə aparan "Hamburq" 14 komanda arasında 7 xalla 13-cü yerdədir.