I Liqanın bombardirlər cədvəlində yer alan Ruslan Voronsovun Offsideplus.az saytına müsahibəsi

— “Mingəçevir”in qapısına vurduğunuz qol böyük maraqla qarşılandı. Bu, məşqlərdə üzərində işlədiyiniz fənd idi, yoxsa situasiyaya uyğun ani reaksiya?

— Oyundan təxminən iki gün əvvəl məşqdə eyni şəkildə qol vurmuşdum. Amma matçdakı epizod tamamilə ani refleks idi. Açığı, həmin vəziyyətdə topu başqa cür vurmaq mümkün deyildi.

— “Şahdağ-Qusar”la yollarınızı ayırdınız. Sabiq klubunuzdakı performansınızı necə dəyərləndirirsiniz?

— Deməzdim ki, pis alındı. Sadəcə daha yaxşı ola bilərdi. Hər oyunda stabil çıxış etmək mümkün olmur, buna görə də belə alındı.

— Karyeranızı “Səbail”də davam etdirəcəyiniz deyilir. Bu məlumat doğrudur?

— Bəli, artıq “Səbail” klubu ilə razılığa gəlmişəm. Klubun uğurları üçün əlimdən gələni edəcəyəm.

— Ayrılığın səbəbi nə idi?

— “Şahdağ”dan ayrılmağımın əsas səbəbi Premyer Liqada oynamaq istəyimdir. Düşünürəm ki, “Səbail”i yenidən Premyer Liqaya qaytara bilsək, mənim üçün də yaxşı bir fürsət yaranacaq. Qismət nədirsə, o da olacaq. Yenə də əlimizdən gələnin artığını etməyə çalışacağıq.

— “Səbail”i məhz təklif etdiyi maaşa görə seçmisiniz?

— “Səbail” Premyer Liqadan düşmüş bir klubdur və orada futbolçu üçün hər cür şərait var. Açığı, eyni maaşı verən başqa klublar da vardı. Amma mənim üçün əsas məsələ xoşbəxt olmaqdır. Futbolçu xoşbəxt olduğu yerdə daha yaxşı inkişaf edir.

— I Liqanın hazırkı durumunu necə dəyərləndirərdiniz? Sizcə, lazımi səviyyədə rəqabət varmı?

— Liqada hazırda çox gərgin rəqabət gedir və bu, sevindirici haldır. Rəqabətin olması futbolun inkişafı üçün çox vacibdir.

— Sizi Premyer Liqada oynayacaq səviyyədə futbolçu hesab edənlər var. Bu haqda özünüz nə düşünürsünüz?

— Premyer Liqada oynayanlardan əskik futbolçu deyiləm. Təkcə məndən söhbət getmir. I Liqada saysız-hesabsız futbolçular var ki, hamısı Premyer Liqaya layiqdir. 

— Artıq 30 yaşınız var. Sizi indiyə kimi Premyer Liqada görməməyimizin səbəbi nədir?

— Açığı, bu mənə də maraqlıdır. Bilmirəm, yəqin ki, bu sualı məşqçilərə vermək lazımdır: görək, nə çatmayıb? (gülür)