Azərbaycan idman ictimaiyyətinin Yay Olimpiya Oyunlarında ümid bəslədiyi idman növlərindən biri də cüdodur. Son vaxtlarda qazanılan uğurlar bunu deməyə əsas verir. Artıq komandamızın heyəti də məlumdur. Belə ki, yığmanı qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcək. Kişilərdə isə Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (100+ kq) qızıl medallar uğrunda mübarizə aparacaqlar.
Adı favoritlər arasında hallanmayan Leyla Əliyevanın ən yaxşı nəticəsi 2023-cü ildə Bakıda keçirilən Böyük Dəbilqə turnirindəki ikincilikdir. Həmçinin dünya reytinqində 22-ci olan xanım cüdoçumuz, Afrika Opendə çempion olmağı bacarıb. Bundan başqa o, Yeniyetmələrin Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Leyla Əliyeva həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində cüdo üzrə turnirdə medala sahib olan yeganə atletdir. Ölkəmizin bu çəkidə şansı az olsa da, cüdoçumuza inamımız tamdır.
Digər ümidimiz isə Gültac Məmmədəliyevadır. 24 yaşlı idmançı hazırda dünya reytinqində 23-cüdür. Sonuncu dəfə 2023-cü ilin iyununda Qazaxıstanda Böyük Dəbildə turnirində 3-cü olan Gültac, 23 yaşadək Avropa Çempionatında da ikinci olmağı bacarıb. Bundan başqa, o, yeniyetmələrin də qitə turnirində 2 dəfə bürünc medal əldə edib. Müxtəlif beynəlxalq turnirlərdə mükafatçılar sırasına düşməyi bacaran cüdoçumuz öz gücünü Parisdə də göstərə bilər. Onun şansının yüksək dəyərləndirilməməsinə baxmayaraq, bütün hallarda idman sürprizlərlə doludur. Ümid edək ki, Məmmədəliyeva da adını ən güclülər sırasına yazdırmağı bacaracaq.
Kişilərin mübarizəsinə gəldikdə isə 60 kq-da Azərbaycanın təmsilçisi Balabəy Ağayev olacaq. Dünya reytinqində 7-ci olan Ağayevin beynəlxalq uğurları da az deyil. 2022-ci ildə Avropa ikincisi olan atletimiz müxtəlif yaş qrupları üzrə qitə turnirinin mükafatçısıdır. Həmçinin o, İslam Həmrəylik Oyunlarında da qızıl medal əldə edib. 2021-ci ildə Paris Böyük Dəbildə turnirində qızıl medal qazanan idmançımızdan bu dəfə Olimpiya çempionluğunu gözləyirik.
66 kq-da isə Yaşar Nəcəfov gücünü nümayiş etdirəcək.
Dünya reytinqində 11-ci olan idmançı ötən il Bakıda keçirilən Böyük Dəbilqənin, həmçinin Zaqreb qran-prisinin qalibidir. 25 yaşlı cüdoçu Universiada Oyunlarında da bürünc medal qazanıb. Müxtəlif beynəlxalq turnirlərin mükafatçısı olan cüdoçumuzun olimpiada şansları təəssüf ki, yüksək qiymətləndirilmir.
Parisdəki əsas "qızıl" gözləntilərimizdən biri də, şübhəsiz ki, Hidayət Heydərovdur. 4 qat Avropa çempionu, son dünya birinciliyinin qalibi, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı olan idmançının qələbə şansı yüksək qiymətləndirilir. Azərbaycan cüdo tarixində 2-ci dünya çempionu olan Heydərov əksər final görüşlərini qələbə ilə tamamlamağı bacarıb. Lakin məsələyə başqa aspektdən baxdıqda qeyd edə bilərik ki, bu qədər gözlənti cüdoçumuzu psixoloji gərginliklə qarşı-qarşıya qoya və onu medaldan edə bilər. Amma görünən odur ki, Heydərov bu maneələri də aşır. Onun indiyə qədərki hazırlığı bunu deməyə əsas verir. Karyerasının zirvəsini yaşayan idmançımızın azarkeşlərə verdiyi söz var: eyni ildə həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olmaq. Qitə və dünya çempionluğu həll olunub, qalıb Parisi fəth etmək.
2023-cü ildə Avropa, bu il isə Dünya çempionu olmağı bacaran Zelim Tçkayevin də medal qazanacağını düşünənlər az deyil. Qitə turnirində 3, Dünya çempionatında isə 2 dəfə bürünc medal qazanan idmançımız olimpiada medalını da əldə edə bilər.
Ölkəmizi 90 kq-da Elcan Hacıyev təmsil edəcək. Hazırda dünya reytinqində 18-ci olan Hacıyevi digər təmsilçimiz Murad Fətiyev (12-ci yer) qabaqlayır. Lakin məşqçilər seçimlərini Elcandan yana ediblər. 22 yaşlı gənc idmançı son Avropa çempionudur. Qeyd etmək lazımdır ki, bu il Elcan üçün uğurlu keçir. Müxtəlif yarışlarda medal kolleksiyasını genişləndirən atletimiz onların sırasına birini də əlavə edə bilər. Nə qədər çətin olsa da, Hacıyevin mükafatçılar sırasına düşmək şansı var.
Təkcə cüdoda deyil, güləş və b. idman növlərində də ağır çəki həmişə Azərbaycan üçün problem olub. Belə ki, bir çox idman növlərində bu çəkilərdə ölkəmizi legionerlər təmsil edib. Cüdo da bu qəbildəndir. +100 kq-da Parisdə Uşanqi Kokauri mübarizə aparacaq. Müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı olan Gürcüstan əsilli idmançının ən böyük uğuru 2018-ci ildə əldə etdiyi dünya ikinciliyidir. Ümid edirik ki, adıçəkilən atlet ölkəmizi ən yaxşı səviyyədə təmsil edəcək.
Xülasə, son dövrlərdə Azərbaycan cüdosundakı inkişafın nəticəsini olimpiadada görmək istəyirik. Bu dəfə bizi sevindirənlər siyahısında cüdoçularımızı da görməyi səbirsizliklə gözləyirik.