Misli Premyer Liqasında XIII tur geridə qalıb.
Bu turda gördük ki...
"Kəpəz" - "Zirə" 0:2 (Leroy Mikels, İssa Cibrilla)
Tura Yevlaxda start verildi. Ötən tur sonuncu pillədən qurtulan "Kəpəz" "Zirə"ni qəbul edib. "Qartallar" yenə özündən zəif rəqibinə xal verməyib. Bu, onları son illərdə rəqiblərindən fərqləndirən əsas faktor ola bilər. Rəşad Sadıqovun komandası bir baş üstün olduğu rəqiblərlə matçlarda demək olar, xal itkisinə yol vermir. Leroy Mikelsin qolu isə görülməyə dəyərdi.
Azər Bağırovun gəlişindən sonra daha inamlı görünən "Kəpəz" isə qış "transfer pəncərəsini" gözləyir. Gəncə təmsilçisinin bu heyətlə bundan artığına gücü çatmır.
"Turan Tovuz" - "Neftçi" 0:0
Turun ən maraqlı gözlənilən oyunu Tovuzda baş tutdu. Burada yerli "Turan Tovuz" "Neftçi"ni qəbul edib. Samir Abasovun gedişindən sonra "ağ-qaralar"ı bu matça Sənan Qurbanov çıxıb.
Görüş gərgin mübarizə şəraitində keçsə də, qapılara qol vurulmayıb və tərəflər meydandan hərəyə 1 xalla ayrılıb.
"Turan Tovuz" ardıcıl 3-cü oyunda heç-heçə edib və cəmi 1 qol vurub. Onlar ilk 10 oyunda heç "sülh"ə razılaşmamışdı.
"Neftçi" isə yavaş-yavaş yuxarı pillələrdən qopur. Onlar artıq avrokuboklara vəsiqə verən 4-cü pillədən 8 xal geri qalır.
"İmişli" - "Sabah" 0:3 (Amin Seydiyev, Stiv Solvet, Kahim Parris)
Mövsümün sürpriz komandalarından "İmişli" Qubada "Sabah"ı qəbul edib. "Bayquşlar"ın cari mövsüm yeganə məğlubiyyəti Jorj Kaşkilyanın komandasına qarşı idi. İlk hissədə qapılara qol vurulmayıb.
İkinci hissədə isə "Sabah" rəqibinin qapısına 3 cavabsız top vurub.
Valdas Dambrauskasın yetirmələri bu qələbə ilə 3-cü yerə yüksəlib.
Qeyd edək ki, onların ehtiyatda "Qarabağ"la bir oyunu da var.
"Qarabağ" - "Karvan-Yevlax" 2:0 (Emmanuel Addai, Nəriman Axundzadə)
Qurban Qurbanov "Napoli" ilə oyundan sonra bu matçda ehtiyat qüvvəyə şans vermişdi. Onlardan bəziləri özlərini doğrultmağı bacarıb.
"Karvan-Yevlax" isə bu görüşə yeni baş məşqçisi Füzuli Məmmədovla çıxıb. Lakin o, protokolda köməkçi məşqçi qeyd olunub.
Çünki, Azər Həşimovun müqaviləsinə hələ xitam verilməyib.
Yevlax təmsilçisi artıq 2 turdur son pillənin sahibidir.
Nəriman Axunzadə cari mövsüm Premyer Liqada 2-ci qolunu vurub. O, "Turan Tovuz"la oyunda da fərqlənməyi bacarmışdı.
Qeyd edək ki, bu komandalar iki gün sonra yenə üz-üzə gələcək. Onlar bu dəfə Azərbaycan Kubokunda qüvvələrini sınayacaqlar.
"Şamaxı" - "Sumqayıt" 1:2 (Karim Rossi - Aleksa Yankoviç, Aleksandr Ramalinqom)
Turun ən maraqlı oyunlarından biri Şamaxıda baş tutub. Görüşdə əsas hadisələr 70-ci dəqiqədən sonra baş verib.
Əvvəlcə "Şamaxı" hesabı açıb. Mübarizəni sona qədər aparan "Sumqayıt" isə 88 və 90+1-ci dəqiqədə 2 qol vuraraq meydandan 3 xalla ayrılıb.
"Sumqayıt"ın qolundan sonra baş məşqçi Saşa İliçin həmkarı Ayxan Abbasova tərəf jesti olub. Bundan sonra ara bir az qarışıb.
Sonda hər şey yaxşı yekunlaşıb. İliç həmkarından üzr istəyib.
"Kimyaçılar" xalını 23-ə yüksəldərək yuxarı pillələrdən qopmayıb. "Şamaxı" isə 14 xalla 9-cu yerdədir.
"Qəbələ" - "Araz-Naxçıvan" 2:1 (Prins Ovusu, Ba Loua - Bəxtiyar Həsənalızadə)
Tura Qəbələdə yekun vurulub. "Qəbələ" uzun müddətdir həsrətində olduğu qələbəni nəhayət əldə edib.
Onlar çempionatın əvvəlindən yaxşı oyunla yadda qalsa da, cəmi bir qələbə qazana bilmişdi.
Bu görüşdə "qırmızı-qaralar" cari mövsümdə ikinci qələbəsini Naxçıvan təmsilçisi üzərində qazanıb.
"Qəbələ" bu qələbə ilə "Kəpəz"i geridə qoyub və 10-cu pilləyə yüksəlib. "Araz-Naxçıvan" isə 20 xalla 6-cı yerdədir.
Mübarizə bu həftə Azərbaycan Kubokunun 1/8 final qarşılaşmaları ilə davam edəcək.



