"Bəhlul Mustafazadə ilə nə danışmışıq, nə də görüşmüşük".
Bu sözləri Offsideplus.az saytına açıqlamasında futbol üzrə I Liqanın çempionu "Qəbələ" klubunun idman direktoru Səbuhi Səfiyarlı deyib.
O, "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin yayda "Qəbələ"yə icarəyə veriləcəyi barədə bu gün mətbuatda yayılan xəbəri təkzib edib.
"Bu barədə ümumiyyətlə söhbət olmayıb. Bildiyimə görə, Bəhlulun "Qarabağ"la müqaviləsi var. Onun "Qəbələ"yə transferi xəbəri həqiqətəuyğun deyil", - deyə S.Səfiyarlı vurğulayıb.
Qeyd edək ki, 3 gün öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Sabah"la oyundan sonra paltardəyişmə otağında çempionluq münasibətilə Bəhlul Mustafazadəni təbrik etməməsi tərəflər arasında münasibətlərin soyuması haqda ehtimalların yaranmasına səbəb olub. Bundan sonra 28 yaşlı futbolçunun Ağdam klubundan ayrılacağı haqda məlumatlar yayılıb.