“Neftçi” klubu Azərbaycan çempionatları tarixində 1600-cü qolunu vurub.

Offsideplus.az xəbər verir ki, yubiley qolu dünən Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt”la səfər oyununda qeydə alınıb. 

1600-cü qolun müəllifi Andrey Ştoqrin olub. Ukraynalı futbolçu qarşılaşmada son nöqtəni qoyaraq komandasını məğlubiyyətdən xilas edib - 2:2.

"Neftçi" 1600 qolu 957 oyuna vurub. Başqa sözlə, "ağ-qaralar”ın orta məhsuldarlığı 1,67-yə bərabərdir. Paytaxt təmsilçisi evdə 923, səfərdə 657, neytral meydanda 20 qola sevinib.

“Neftçi” yarışın tarixində 1600 və ya daha çox qol vuran 2-ci komandadır. “Qarabağ”ın hesabında 1606 qol var.

Qeyd edək ki, flaqman milli çempionatlarda ilk qolunu Sumqayıtın “Xəzər” komandası ilə görüşdə 1992-ci il mayın 8-də Yunis Hüseynovun sayəsində vurub.