Misli Premyer Liqasının XXIV turunda "Zirə"ya qarşı keçirilən oyundan sonra "Kəpəz"in baş məşqçisi Azər Bağırov narazılığını bildirib.
Offsideplus.az xəbər verir ki, çalışdırıcı dünən keçirilməli olan oyununun bu günə təxirə salınmasını, daha sonra 2 dəfə başlanma saatının dəyişdirilməsinə etirazını ifadə edib: "Dünən gəldik-qayıtdıq. Bu gün də eyni qaydada. Belə hallar futbolçulara çox pis təsir edir. Futbolçularım bu gün əziyyət çəkdi. Saat 12:30-da nahar ediblər, saat 15:30-dan isə burdayıq. 2-3 saat kofe içib, gəzdilər".
A.Bağırov Zirə Olimpiya Kompleksində ot örtüyünün yararsız olduğunu deyib: "Bir gün əvvəl gəldiyimiz üçün məşq etməyə meydança tapa bilmədik. Meydança qar idi. Dünən yenə məşq etmədik. Palçığın içində oynadıq. Düşünürəm ki, bu, insan resurslarının mənimsənilməsi deməkdir. Nəzərə alınmadı ki, 12:30-da nahar edib və 19:00-da oyuna çıxır".
Xatırladaq ki, "Kəpəz" 0:2 hesabı ilə məğlub olub.