AFFA-nın İntizam Komitəsi "Neftçi" və "Qarabağ" komandalarını azarkeşlərə görə cəzalandrıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb fanatların fevralın 16-da "Neftçi Arena"da keçirilən matçda yol verdiyi hərəkətlərdir. Həm "Neftçi", həm də "Qarabağ"ın azarkeşləri rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.
AFFA daha öncə qeydə alınan iki belə hal zamanı xəbərdarlıqla kifayətlənmişdi. Derbidə yaşananlar mövsüm ərzində 3-cü dəfə təkrarlandığından İntizam Komitəsi sərt qərar çıxarmalı olub.
Nəticədə "Neftçi" və "Qarabağ" hərəyə 1000 manat cərimələnib.
Bakı təmsilçisi bununla canını qurtara bilməyib. "Ağ-qaralar"ın azarkeşləri meydançaya kənar əşya atdıqlarına görə, klub daha 800 manat cərimə ödəyəcək.
Xatırladaq ki, "Neftçi" doğma divarlar arasında "Qarabağ"a 0:1 hesabı ilə uduzub.