Misli Premyer Liqasının XXIII turunda "Şamaxı" ilə heç-heçə edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra mətbuat konfransında iştirak edb.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı matçın maraqlı keçdiyini bildirib: "İki fərqli hissə izlədik. Məncə, birinci yarıda daha yaxşı oynadıq. Fasilədən sonra həm orta xətdə, həm də cinahlarda "dişsiz" olduq. Məni sevindirən ən böyük məqam odur ki, axırıncı 3 turda məğlub olmuruq, xallar qazanırıq".

A.Bağırov "Matçdan əvvəl desəydilər ki, bu gün heç-heçə olacaq, buna inanardız" sualına belə cavab verib: "Bu, maraqlı sualdır. Amma hər məşqçi meydana qələbə üçün çıxır. Həddindən artıq qələbə istəyirdik. Daha çox cinahlarda oyun qurmaq istədik. Bəzi epizodlarda bu alınmadı. Səhv başqa yerdə idi. Mərkəz oyunçuları onları istədiyimiz ötürmələrlə təmin etmədilər. Camal Cəfərov və Trent Buhagiar sürətli futbolçulardır. Onların sürətindən yararlanmaq istəyirdik. Bu gün qələbə qazansaydıq, "Zirə" ilə matça fərqli motivasiya ilə çıxa bilərdik".

"Kəpəz"in baş məşqçisi Misli Premyer Liqasında qalmaq üçün mübarizəni davam etdirəcəklərini söyləyib: "Günü-gündən daha yaxşı olmağa çalışırıq. Səhvlərin sayını azaltsan, daha sadə, səhvsiz oynasan, xallar qazanacaqsan. Futbolçulardan əsas tələbimiz odur ki, az səhv etsinlər. Çatışmazlıqlarımız çoxdur".