"Qarabağ"ın üzvü Bəhlul Mustafazadənin Offsideplus.az-a müsahibəsi... 

- Əvvəlcə “Bude-Qlimt”, sonra isə “Zirə” üzərində qələbə qazandız. Oyunlarla bağlı fikirlərin maraqlıdır...

- Son iki oyunda çox vacib və çətin qələbələr qazandıq. Heç kim deyə bilməz ki. “Zirə” zəif rəqibdir. Onlar çempionatımızda güclü və iddialı komandalardandır. Bizim üçün hazırda əsas məqsəd tonusu qorumaqdır. Qələbə qazanmaq həmişə xoşdur. 

- Səncə, Toralın, yoxsa Zubirin qolu norveçliləri sarsıtdı?

- Toralın zərbəsi çox gözəl alındı, hətta Avropa Liqasında həftənin gözəl qolu seçildi. Amma mən fərq qoymazdım. Hər iki komanda yoldaşımın qolu “Bude-Qlimt”in futbolçularını sarsıtdığını düşünürəm. 

- Atanız Ələmdar müəllim Norveç təmsilçisi üzərindəki qələbə münasibəti ilə bağlı təbriki gecikdirmədi?

- (gülür) Atam məni və komandamı ilk təbrik edənlərdən oldu. Onsuz da ilk təbriklərimi və ya tənqidlərimi atamdan eşidirəm. 

- Avropa Liqasında uğursuzluq sindromunu qırdınız. Uğurun ardını gətirə biləcəksizmi?

- Bunun üçün maksimum çalışacağıq. Qarşıda “Lyon”la ev oyunumuz var. İstər həmin matçda, istərsə də digər rəqiblərimizlə oyunlarda əlimizdən gələnin ən yaxşısı edəcəyik. 

- Qarşıdan yığmamızın Millətlər Liqasındakı oyunları gəlir. Azərbaycan seçməsini də bataqlıqdan çıxara biləcəksinizmi? 

- Yığmaya dəvət alan hər futbolçu komandanın yaxşı oynması və nəticə qazanmasında maraqlıdır. Təbii ki, qələbəsiz və xalsız qalmağımız xoş deyil. Odur ki, Estoniya və İsveç seçmələri ilə oyunlarda qələbələr və xallar qazanmaq istəyirik. Bunun üçün meydanda sona qədər döyüşəcəyik.