Misli Premyer Liqasında XI turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək. "Araz-Naxçıvan" "Zirə"ni, "Səbail" "Sumqayıt"ı qəbul edəcək.
Görüşlər "CBC Sport" kanalında canlı yayımlanacaq.
Misli Premyer Liqası
XI tur
26 oktyabr (şənbə)
"Araz-Naxçıvan" - "Zirə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Mərdəkan. Liv Bona Dea Arena. Saat 16:00.
Avrokuboklara vəsiqə uğrunda mübarizə gərginləşir. Hər iki komanda beynəlxalq turnirlərdə iştirak etmək istəyir. Heyət baxımdan hər iki komanda eyni gücdədir. Lakin naxçıvanlıları bir qədər favorit hesab etmək olar. Çünki Elmar Baxşıyevin komandası bu mövsüm ancaq lider "Qarabağ"a məğlub olub.
"Zirə"də isə durum bir qədər fərqlidir. "Qartallar" avrokuboklardakı yaxşı çıxışından sonra çempionatda bir qədər büdrədi. Lakin Rəşad Sadıqovun komandası bu görüşdə qələbə qazanaraq vəziyyəti düzəltməyə və liderlər qrupundan daha da uzaq düşməməyə çalışacaq.
Ümumiyyətlə, bu komandalar indiyə kimi 4 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 2-də naxçıvanlılar qələbə qazanıb. 1 oyunda isə bakılılar sevinib. 1 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də muxtar respublika təmsilçisi öndədir - 3:2.
Komandaların məşqçiləri ilə bağlı maraqlı statistika var. Elmar Baxşıyev çalışdırıcı kimi "Zirə"yə qarşı 16 dəfə komanda meydana çıxardıb. Bunların hamısında qartalların baş məşqçisi Rəşad Sadıqov olub. Bu görüşlərdə 6 dəfə qələbə qazanıb. 3 dəfə Rəşad Sadıqov qalib gəlib. 7 görüşdə isə heç-heçə qeydə alınıb.
"Səbail" - "Sumqayıt"
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR hakimi: Rauf Cabarov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. Səbail. ASCO Arena. Saat 18:30.
Autsayderlərin duelində favorit yoxdur. Bu görüşün nəticəsi birbaşa "Kəpəz"ə təsir edir. Gəncəlilər bu qarşılaşmada heç-heçənin qeydə alınmasını arzulayır. Matçda hansısa komanda qalib gəlsə, məğlub Premyer Liqada qalmaq uğrunda "Kəpəz"lə yarışacaq.
Ümumiyyətlə, bu komandalar indiyə kimi 27 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 8-də "dənizçilər" qələbə qazanıblar. 16 matçda isə "kimyaçılar" qalib gəlib. 3 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də sumqayıtlılar öndədir - 37:21
Ardıcıl 8 matçda fərqlənməklə yanaşı, "Sumqayıt" 5 görüşdə qələbə qazanır.
Bu qarşılaşma Vaqif Cavadovun Şahin Diniyevə qarşı ilk görüşü olacaq. "Səbail"in çalışdırıcısı isə indiyə kimi "Sumqayıt"la görüşlərə 17 dəfə komanda çıxardıb. Bu görüşlərin 8-də uduzub. 5 oyunda heç-heçə edib. 4 matçda isə qələbəyə sevinib.