Bildiyiniz kimi, sentyabrın 16-da Azərbaycanda "transfer pəncərəsi" bağlanıb. 

Lakin hazırda Premyer Liqa klublarının bəziləri heyətini gücləndirmək haqda düşünür. Mediada çempionat iştirakçılarının adları bəzi oyunçularla hallanır. 

"Transfer pəncərəsi" bağlanıbsa, komandalarımız heyətlərini necə gücləndirə bilir? Maraq üçün bildirək ki, Misli Premyer Liqasının Əsasnaməsində qeyd olunub ki, çempionat iştirakçıları azad agent olan oyunçuları cəlb edə bilər. 

Redaksiyamıza maraqlı məlumat daxil olub. Sən demə, hazırda azad agent olan 3 məşhur futbolçu agentlər vasitəsi ilə Azərbaycan klublarına təklif olunub. Söhbət fransalı Fransis Koklen, nigeriyalı Ahmed Musa və ukraynalı Yaroslav Rakitskiydən gedir. 

Offsideplus.az adı çəkilən oyunçular haqda detalllı məlumatları diqqətinizə çatdırır:

1. Fransis Koklen - "Arsenal" akademiyasının yetirməsi peşəkar karyerasına "Loryan"da başlayıb. Daha sonra London təmsilçisinə dönəm fransalı "Frayburq", "Çarlton", Valensiya" və "Vilyarreal" kimi klublarda da çıxış edib. Koklen Fransanın əsas yığmasına çağrılmasa da, bütün aşağı yaş qrupu üçün millilərində forma geyinib. Karyerası ərzində 436 rəsmi matçda meydana çıxıb. 11 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. 

33 yaşlı dayaq yarımmüdafiəçisi "Arsenal"da çıxış edən zaman 2 dəfə İngiltərə Kubokunun, eyni sayda isə Super Kubokun qalibi olub. "Valensiya"da top qovarkən isə İspaniya Super Kubokunu qazanmağın sevincini yaşayıb. Koklin 2020/21 mövsümün "Vilyarreal"ın heyətində Avropa Liqasının qalibi olub. 

Redaksiyamıza daxil olan məlumata görə, fransalıya Azərbaycanda oynamaq təklif olunub. Lakin futbolçu bundan imtina edib. Onun xidmətində 2 klubumuz maraqlı olub. 

2.  Ahmed Musa - nigeriyalı futbolçu peşəkar karyerasına ölkəsində başlayıb. "Kano Pillars" klubunda çıxış edən Ahmed sonradan Niderlandın "Venlo", Rusiyanın ÇSKA (Moskva), İngiltərənin "Lester", Səudiyyə Ərəbistanının "Əl-Nəsr", Türkiyənin "Karagümrük" və "Sivasspor" klublarında çıxış edib. Peşəkar karyerasında 395 matçda meydana çıxıb. Bu görüşlərdə 93 qol vurub, 65 ötürmə edib. Vinger Nigeriya millisinin də üzvüdür. Ahmed burada 110 matçda 18 qol vurub. 

31 yaşlı oyunçu ÇSKA-nın heyətində 3 dəfə Rusiya Premyer Liqasının, 2 dəfə kubokunun, 1 dəfə isə Super Kubokunun qalibi olub. Vinger "Əl-Nəsr"də çıxış edəndə isə Səudiyyə Ərəbistanı PRO Liqasında çempionluq sevinci yaşayıb. Ahmed Musa 2013-cü ildə Nigeriya millisi ilə Afrika Millətlər Liqasının qalibi olub. 

Redaksiyamıza daxil olun məlumata görə, Azərbaycan klublarından biri oyunçunu heyətinə qatmaq istəsə də, futbolçu təklifi dəyərləndirməyib. 

3. Yaroslav Rakitskiy - ukraynalı futbolçu peşəkar karyerasına "Şaxtyor"da başlayıb. Daha sonra "Zenit" və "Adana Demirspor" kimi klublarda çıxış edib. 2023/24 mövsümünü "Şaxtyor"da keçirən mərkəz müdafiəçisi hazırda azad agentdir. Rakitskiy peşəkar karyerasında 478 matçda 25 qol vurub, 47 məhsuldar ötürmə edib. 35 yaşlı futbolçu Ukrayna millisində 54 görüşdə meydanda olub. Bu qarşılaşmalarda 4 qol vurub. 

Rakitskiy Rusiyada 4 dəfə ölkə çempionu olub. "Zenit"in heyətində 2 dəfə Rusiya Kubokunun, 1 dəfə isə Super Kubokunun qalibi olub. Müdafiəçi Ukraynada da bütün titullara yiyələnib. 35 yaşlı müdafiəçi "Şaxtyor"un heyətində 10 qat ölkə çempionudur. 7 dəfə kubokun, 6 dəfə isə Super Kubokun qalibi olub. 

Rakitskiylə Azərbaycandan bir klub maraqlanıb. Lakin o, karyerasını Ukraynada davam etdirmək istədiyini bildirib.