"Gəncə hər zaman futbol şəhəri olub. Buradan mən də daxil olmaqla çox yaxşı futbolçular çıxıb. "Kəpəz"in bu vəziyyətdə olması mənə pis təsir edir. Klub hər il Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Hər 5 aydan bir məşqçi dəyişikliyi olur. Deyərdim ki, "Kəpəz"i oyuncağa çeviriblər. Sanki, qəsdən istəyirlər ki, klub I Liqaya düşsün. Düşünürəm ki, komanda bu il sonuncu pilləni tutacaq. Oyun baxımından da bu, görsənir. Çox zəif təsir bağışlayırlar. Son 2-3 ildə rəhbərlik tərəfindən komandaya göstərilən qayğı sıfır dərəcəsindədir. "Kəpəz" hər 5 aydan bir məşqçi dəyişikliyinə yaraşmayan komandadır. Gəncə təmsilçisi yaxşı yerlər uğrunda mübarizə aparmalıdır".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Yunis Hüseynov dedi.  Veteran futbolçu Gəncə təmsilçisinin yeni mövsümdəki performansını dəyərləndirdi. Mütəxəssis "sarı-göylər"in irəliyə addım atmalı olduğunu vurğuladı:

"Azər Bağırov gənc mütəxəssisdir. Klubdakı fəaliyyətində uğurlar arzulayıram. Yeni gələn məşqçilərin əsas məqsədi komandanı Premyer Liqada saxlamaq olur. Amma, fikrimcə "Kəpəz" bu durumda olmamalıdır. Düzgün iş görmək lazımdır ki, komanda irəliyə doğru inkişaf etsin".