“Qəbələ” baş məşqçi Kaxaber Sxadadze ilə 3 illik yeni müqavilə imzaladı. Görəsən, klub gürcü mütəxəssisin qarşısına hansı şərtləri qoyub? Komanda I Liqada iştirak edəcək. Bu səbəbdən baş məşqçinin maaşı azalıb? Sözləşmənin detalları barədə məlumat almaq üçün “qırmızı-qaralar”ın idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq.
Funksioner offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Kaxaber Sxadadzenin müqaviləsinin şərtlərinin hamısını açıqlaya bilmərik. Müqavilədə konfidensiallıq maddəsi var. Amma əsas məqsəd I Liqanın qalibi olub, Premyer Liqaya qayıtmaqdır. Maaş da ciddi şəkildə azalma var. Komandanı yarı yolda qoyub getmək istəmədiyi üçün az məvacibə razı oldu. I Liqanın büdcəsi ilə Premyer Liqanınkı eyni deyil. 3 illik strategiya qurmuşuq. Gələn il I Liqada qalib gəlmək istəyirik. Bundan sonra Premyer Liqada komandanı oturuşdurmaq və legionerlər dəvət etmək niyyətindəyik. 3-cü il kollektivi tam hazır vəziyyətə gətirdikdən sonra avrokuboklar uğrunda mübarizə aparmaq arzusundayıq”.