“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının qələbəsindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə futbolçularını qələbə münasibətilə təbrik edib:
“Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Yaxşı komandaya qarşı mübarizə apardıq. Hər iki komandaya uğurlar arzulayıram”.
Qurban Qurbanov qələbənin növbəti oyunlara inam baxımından əhəmiyyətindən danışıb:
“Belə hallar olur. Həvəslə çalışırıq, işləyirik. Bir qədər uğursuz seriya yaşana bilər. İstənilən rəqibə qarşı çox ciddi hazırlaşırıq. Sabah hansı rəqibin bizə qarşı necə oynayacağını bilmirik. Oyunun gedişatında dəyişikliklər etmək maraqlı olur. Dörd qol vurmaq və qələbə həsrətinə son qoymaq xoşdur. Futbolun keyfiyyəti artıb. Belə bolqollu oyunlar futbolu azarkeşlərimiz üçün maraqlı edir”.
Baş məşqçi Musanın növbəti matçlarda start heyətində yer alma ehtimalına da münasibət bildirib:
“İstənilən oyunçu startda yer ala bilər. Qarşıda sıx qrafik var. Bəzi oyunçuların zədələri var. Qol vurmaq o demək deyil ki, futbolçu mütləq startda olmalıdır”.
Qurbanov Elvin Cəfərquliyevin yaşıl meydanlara qayıdış vaxtı ilə bağlı sualı da cavablandırıb:
“Yanvarda. Dekabrda da şans qazana bilər. Zədəsi təhlükəli idi. Ehtiyatlanırıq. Özünü yaxşı hiss etsə, dekabrda da şans verə bilərik”.
Mütəxəssis üç gün sonra “Sumqayıt”la keçiriləcək kubok oyunu barədə də danışıb:
“Hər ikimiz üçün eyni şərtlərdir. Ardıcıl iki oyunda narahatlıq olur. Kubokun öz prestiji var. Gözlənilməz nəticələr istənilən ölkədə kubok oyunlarında olur. Yaxşı kollektivə qarşı oynayacağıq”.
Baş məşqçi “Neftçi”, “Sabah” və “Turan Tovuz”un turnir cədvəlində ön sıralarda qərarlaşmasına da münasibət bildirib:
“Öndə olan komandalara görə həmişə narahat oluruq. Əsasən öz mövqeyimizdən narahatıq. Daha yaxşı ola bilərik. Sevindiricidir ki, Avropada oynamaq istəyən komandaların sayı artıb. Sona qədər mübarizə aparacağıq”.


