Yoxlama oyunu çərçivəsində "Qarabağ" və "Zirə" komandaları üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın 4:3 hesablı qələbəsi ilə başa çatan oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə açıqlama verib.
O, Konfrans Liqasında "Turan Tovuz"u əvəzləmələri barədə ilk dəfə danışıb:
"Azərbaycan futbolu azarkeşi olaraq, hamımız üzüldük. Xüsusilə də mən neçə illərdir, "Turan Tovuz"un çempionatımıza dönməsini, yaxşı çıxış etməsini, avrokuboklarda oynamasını istəmişəm. 32 illik həsrət vardı. "Turan Tovuz" avrokuboklara vəsiqə qazananda çox sevinmişdim. Son ana qədər gözlədik. Rəhbərliklə aramızda avrokuboklardan imtina etməklə bağlı söhbət getdi. Qəti hazır deyildik. Mövsümün sonunda qərar vermişdik ki, yeni heyət quraq, 2-3 ilin heyətini yığaq. Elə də oldu, çoxsaylı futbolçularımız getdi. Rəhbərliklə birgə maraqlandıq. Lakin imtina etsəydik, bizi cəza gözləyirdi".


