"Xəzərin piratı" Şarabutdin Maqomedov iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq UFC Fight Night Baku üçün ölkəmizə təşrif buyurub. 

Offsideplus.az xəbər verir ki, Şarabutdin "UFC FIGHT NIGHT: FIZIEV vs TORRES" turnirinin ikinci əsas döyüşündə orta çəkidə braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunda döyüşçü qarşıdakı döyüşlə bağlı fikirlərini bölüşüb.

“Xəzər dənizinin piratı Bakıdadır. Burada olmaqdan çox məmnunam. Özümü əla hiss edirəm, əhvalım yüksəkdir və bütün diqqətimi qarşıdakı döyüşə yönəltmişəm. Qarşıdakı günlərdə uyğunlaşma prosesini keçəcəm, hazırlığı və çəkisalma mərhələsini tamamlayıb, döyüşə ən yaxşı formada çıxacam. Azarkeşlərə parlaq və yaddaqalan döyüş hədiyyə etmək, oktaqonda əsl Qafqaz ruhunu nümayiş etdirmək istəyirəm. Bilirəm ki, Bakıya çoxlu dostlarım, qohumlarım və həmyerlilərim gələcək. Əminəm ki, arena tam dolacaq və bizi möhtəşəm atmosfer gözləyir. Dəstəyə görə hər kəsə təşəkkür edirəm. İyunun 27-də UFC Fight Night Baku-da görüşərik!”