MMA döyüşçüsü Asəf Çopurov bundan sonra yarışlarda Rusiyanı təmsil edəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan əsilli idmançı sosial şəbəkə hesabında bu barədə paylaşım edib:
“Volqoqradda anadan olmuşam, təbii olaraq orada böyümüşəm. Buna görə də mənə bütün inkişaf imkanlarını verən ölkəni təmsil etməyə qərar verdim. Mənə verdiyi hər şeyə görə Rusiyaya təşəkkür edirəm”, – deyə Çopurov qeyd edib.
Bununla yanaşı, 24 yaşlı Çopurov Azərbaycan dilində etdiyi paylaşımda onu dəstəkləyən həmvətənlərinə də təşəkkür edib:
“Üzüldüyüm anlarım oldu, amma şikayət etməyi sevmirəm. Mən öz dəstəyini göstərən vətənim insanlarına təşəkkür etmək istəyirəm”.
Qeyd edək ki, Çopurovun peşəkar MMA karyerasında çıxdığı 11 döyüşün hamısında qələbə qazanıb.


