İslam Maxaçev UFC-nin yüngül çəkidə keçmiş çempionu İliya Topuriyanın UFC White House turnirində Castin Geyciyə məğlubiyyətindən danışıb. O, Topuriyanın döyüşdən əvvəlki davranışını və diqqətini itirməsini əsas səbəb kimi göstərib.
Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə Demetrious Johnson-un podkastında fikirlərini bölüşüb. "Düzünü desəm, mən də Topuriyanı favorit hesab edirdim. Amma çempion olanda və diqqəti itirəndə belə hallar baş verir. Bu idman çox təhlükəlidir. Topuriya Geycini asanlıqla məğlub edəcəyini düşündü, gücünə həddindən artıq inandı. Amma Geyci sona qədər döyüşə bilir. Topuriya onu nokaut etməyə çalışarkən çox enerji sərf etdi və yoruldu", – Maxaçev bildirib.
Maxaçev xüsusilə Topuriyanın döyüşdən bir gün əvvəl böyük bir tədbir təşkil edib qələbəni qabaqcadan qeyd etməsini tənqid edib. "Necə ola bilər ki, döyüşdən əvvəl qələbəni qeyd edirsən? Mən videonu gördüm, onlar artıq qələbəni bayram edirdilər. Bu, diqqətsizlikdir", – deyə Maxaçev vurğulayıb.
O əlavə edib ki, özü də çəkiölçmədən sonra yaxın dostları və komanda üzvləri ilə sadə şəkildə təşəkkür mərasimi keçirir, lakin Topuriyanın etdiyi kimi böyük tədbir təşkil etmir. "Bəzi şeyləri başa düşə bilmirəm. Sən artıq profilini dəyişirsən, rekordunu dəyişirsən", – Maxaçev qeyd edib.
Topuriya və Maxaçev arasında əvvəllər də qarşılıqlı açıqlamalar olub. Hər iki döyüşçü UFC White House-da mümkün titul döyüşünün baş tutmamasına görə bir-birini günahlandırıb. Buna baxmayaraq, Maxaçev Topuriyanın yenidən əvvəlki formasına qayıdacağına inanır: "Əlbəttə, o, geri dönəcək. Hələ gəncdir, vaxtı var. Ümid edirəm, yenidən əvvəlki səviyyəsinə qayıdacaq".


