UFC Fight Night Baku tədbirinin əsas kartının döyüşü çərçivəsində Rafael Fiziyev Manuel Torres üzərində qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, yarışdan sonra keçirilən mətbuat konfransında azərbaycanlı döyüşçü əvvəlcə döyüşü şərh edib:
“Mən heç nə görmürdüm. Birinci raunddan sonra ümumiyyətlə heç nə görmürdüm. Deyəsən, sol gözümə düz zərbə dəymişdi. İki gözümü açanda hər şey ikiqat görünürdü. Hətta indi də bir az baxanda hər şey bulanıq və ikiqat görünür. Döyüşdə birinci raund bitəndən sonra küncə gəlib oturdum, heç nə görə bilmirdim. Sol gözümü bağlayanda görə bilirdim, açanda isə heç nə görmürdüm. Hər şey dördqat görünürdü. Uşaqlara dedim ki, gözü silsinlər. Sildilər, amma yenə də vəziyyət dəyişmədi. Öz-özümə düşünürdüm ki, belə necə döyüşüm? Sonra təxminən beş dəqiqə keçəndən sonra sol gözümü yavaş-yavaş açmağa başladım. Döyüşə çıxdım və düşündüm ki, nə olacaqsa olsun. Sonra bir anda fürsət yarandı və zərbə dəydi. O an sadəcə düşündüm və etdiyim işi sona qədər davam etdirdim".
Fiziyev atasının çox stress keçirdiyini açıqlayıb:
"Atam çox şey demir. Mənə inanır, mənə dəstək göstərir. O çox stressli idi, normal yata bilmirdi. Bəlkə də 3 qutu siqaret çəkdi".


