Şon Striklend orta çəkidə UFC çempionu Xamzat Çimayevdən narazıdır.

Offsideplus.az xəbər verir ki, o, çeçen döyüşçünün çəkini kilidlədiyini düşünür:

"UFC-nin Xamzat Çimayevlə bağlı hərəkətləri bir az qəribədir. İldə bir dəfə döyüşən, özünü Madonna kimi aparan bir adamı gətirmisiniz. O diktatorun ona masa altından nə qədər pul verdiyini kim bilir? Bu adamın döyüşməyə ehtiyacı yoxdur, o, bir hərbi rəhbərlə (Kadırovla) dostdur. Sadəcə o kəmərin üstündə oturub, kimsə onu döyüşməyə məcbur edənə qədər gözləyəcək.

Amma orta çəkiyə baxsan, sırf pul baxımından danışıram, o kəmər üçün döyüşməyərək, döyüşdüyündən daha çox pul qazanırsan. Deyək ki, Çimayev altı ay ərzində Nassurdin İmavovla döyüşəcək. Çimayev hər zamanki kimi çeçələ barmağını zədələdi deyək, indi bir il də fasilə verəcək. Yəni iki il boyunca döyüşməmiş olacaq.

Kəmər artıq ağlımda belə deyil, bunu düşünmürəm. Sadəcə döyüşərək çox daha çox pul qazanacağam. "Bir il yarım gözləyib heç döyüşməməkmi istəyirsən, yoxsa yaxşı rəqiblərlə döyüşməyə davam edib bəlkə də uduzmağı gözə alaraq qazancını üç qat artırmaqmı"? desən, mən yaxşı rəqiblərlə döyüşməyi, bəlkə uduzmağı, amma pulumu üç qat artırmağı seçərəm. Deyək ki, Flaffi (Hernandez) məni uddu və kəmər döyüşünə çıxmaq istəyir. Çimayev İmavovla döyüşəcək, yəqin ki, çətin döyüş olacaq və ya asan keçəcək, amma sonra hop! Çeçələ barmağı inciyəcək və 8 ay daha döyüşməyəcək. Yəni Flaffi, əgər onu gözləmək istəsən, bir il yarım döyüşə bilməyəcəksən deməkdir.

Şəxsən mənim vecimə deyil, mənə pulumu verin, gedib döyüşmək istəyirəm. Bu adamın hər döyüşündən sonra "əlim qırıldı", '"buram zədələndi" kimi bəhanələri var. Bax, məndə rentgen var, görmək istəyirsiniz? Çiyinim qırıqdır, amma hələ də buradayam. Bu adam nə vaxt döyüşsə, sirli bir zədəsi çıxır".