Bildiyiniz kimi, AFFA Hakimlər Komitəsinin yeni sədri Frank de Bleker olacaq. 

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu təyinata münasibət bildirib.

Mütəxəssis "Qarabağ" - "Linkoln Red İmps" (5:0) oyunundan sonra məsələ ilə bağlı bu sözləri deyib:

"İcraiyyə Komitəsinin son iclasında iştirak etmədim. Ölkədə yox idim. Fayda verəcək, ya verməyəcək, deyə bilmərəm. Hamımız üçün yeni simadır. Çox istəyərdim ki, bizim azərbaycanlılar orada olsun. Əgər belə qərar qəbul olunubsa, hansısa nüanslara görə olunub. Yaxın vaxtlarda orada da öz hakimlərimizi yetişdirmək lazımdır. Bir az fərqli mövqelərdir. Hakimlik və HK-nin sədri... Bəlkə də sədr olaraq, rəhbərliyə kadr tapmaq çətin oldu. Amma hər bir rəhbər hazırlamaq üçün vaxt lazımdır. Dərindən düşünmək lazımdır ki, o insanı həmin vəzifəyə qoysaq, idarəçiliyi apara bilər, ya olmaz. Çox istəyərdim ki, həmin sahələrdə, futbola aid sahələrdə öz kadrlarımız yetişsin, böyüsün, yaxşı idarəçilərimiz olsun. Yəqin ki, get-gedə qarşıdakı iclaslarda müzakirələr olacaq... Bir ildən, iki ildən sonra... Ümumi səsə qoyulacaq ki, hər sahədə öz kadrlarımız olsun. Bu da Azərbaycan futbolunun inkişafı üçün yollardan biri olmalıdır. Yeni gələnə də uğurlar arzulayıram. Keçən il hakimlikdən narazılıqlar çox oldu. Bəzən narazılıq çox olanda hakimlər də oyunu sərbəst idarə edə bilmirlər. Bilməyərəkdən də, yanlışlara yol verirlər. Hakimliyimiz kökü var. Olubsa, deməli yenə yaxşı ola bilər, inanıram ki, olacaq da".