Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub. Bununla bağlı klubun idman direktoru Səməd Nəsibov Rusiya mətbuatına rəsmi açıqlama verib. Mütəxəssis "Turan Tovuz"la “2+1” illik müqavilə imzalayıb. 

Bəziləri qeyd edir ki, Kurban Berdiyevin yaşı Azərbaycanda uğur qazanmasına imkan verməyəcək. Görəsən, bu fikirdə həqiqət payı var? “Turan Tovuz” Berdiyevin rəhbərliyində nəsə edə biləcək? Suallarımızı tanınmış agent Erkin İbrahimova ünvanladıq. Menecer Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Kurban Berdıyevi şəxsən tanıyıram. Dəfələrlə görüşümüz olub. Çətin ki, onu məndən yaxşı tanıyan biri olsun. Kurban bəy zamanla ilə ayaqlaşmağı sevir. Daim öyrənmə həvəsi var.  Elə azərbaycanlı mütəxəssislər var ki, qəlbən qocalıb. Baxırsan ki, 50 yaşı var. Bu günə kimi nə edibsə, edib. Bundan artığını bacarmır. Kurban bəyi yaxından tanıdığım üçün bilirəm ki, işləmək üçün darıxıb. Yola vermək kimi bir hal yaşanmayacaq. O, yaxşı işlər görəcək”.