"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunacağı barədə xəbər yayılıb. "F1News" nəşri rəsmi qərarın tezliklə açıqlanacağını iddia edib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Offsideplus.az-a verilən məlumata görə, danışıqlar prosesi davam edir:

"Yayılan məlumat reallığı əks etdirmir. Azərbaycan Qran-prisinin hazırkı statusu "təxirə salınmış"dır. Müzakirələr davam edir. Danışıqlar yekunlaşdıqdan sonra rəsmi qərar açıqlanacaq".

Qeyd edək ki, "Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür. Daha əvvəl Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi. Daha sonra sentyabr variantı təklif olunsa da, Azərbaycan tərəfi yarışı azarkeşsiz keçirmək istəmədiyini bildirib.