“Oyun praktikam olmasa da, fiziki cəhətdən özümü hazır hiss edirəm”.

Offsideplus.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Murad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə bu gün baş tutacaq qarşılaşma haqqında fikirlərini bölüşüb:

“Mövsümə yaxşı başlamasam da, bu məni qətiyyən ruhdan salmır. Əksinə daha çox məşq edib, üzərimdə işləyirəm ki, şans qazanım. Milli komandaya da hazır gəldiyimi düşünürəm”.

Biz hazırda komanda olaraq qələbəyə fokuslanmışıq. Rəqibi yetəri qədər analiz etmişik. Fərdi oyunçuları götürəndə biz heç də rəqibdən zəif komanda deyilik. Əksinə bizdə kifayət qədər təcrübəli oyunçular var. Məşqdə hər şey çox yaxşı alınır. Fikrimcə, matçda da Rəşad müəllimin tapşırıqlarını yerinə yetirsək, üç xal da götürə bilərik. Komandama inanıram. Bu matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd: Jurnalistlərin Çexiya səfəri “Misli” və AFFA-nın dəstəyi ilə həyata keçirilib.