Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanın "Astana" klubunda davam etdirəcək.
Sözügedən kollektivlə razılaşan qolkiper Offsideplus.az-a açıqlamasında keçidlə bağlı fikirlərini bölüşdü:
“Atırau”da çıxış etdiyim vaxtda həm Azərbaycandan, həm də xarici klublardan təkliflər var idi. Fərqli komandada çıxış etmək istəyirdim. Təklifləri dəyərləndirdik və qərar verdik ki, Qazaxıstanın "Astana" klubu ilə razılaşaq. Təbii ki, bu keçid yeni hədəflər deməkdir. Düzdür, "Astana" bir neçə mövsümdür ki, yüksək nəticələr göstərmir. Lakin mənə təqdim etdikləri yeni strategiya və planlar diqqətimi cəlb etdi. Yeni mövsüm üçün hədəfləri yüksəkdir. Martda kluba yeni sponsor gəldi, rəhbər təyin olundu. Braziliyalı baş məşqçi dəvət edildi. Biz də çalışacağıq ki, qarşımıza qoyulan hədəfə qısa zamanda çataq".
Hüseynli "Atırau"dan ayrılmaq səbəbini də açıqladı:
"İki ildir Qazaxıstanda çıxış edirəm. 2022/23 mövsümünün TOP-5 heyətinə düşdüm. İli uğurlu başa vurdum. Hədəflərim daim müsbətə doğru dəyişir. "Atırau"da yaxşı çıxış edirdim. Sadəcə, klubla müəyyən məsələlərdə razılığa gələ bilmədik və sağollaşmalı oldum. Bu il daha yaxşı çıxış etməyə çalışacağam".