Albaniya - Azərbaycan yoldaşlıq oyunundan öncə millimizin məşqçisi Arif Əsədov fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında bu sözləri səsləndirib:
“Qarşıdakı iki oyunda bizi yaxşı rəqiblər gözləyir. UEFA Millətlər Liqası turniri öncəsi son yoldaşlıq görüşləridir. Hazırlığın ilk mərhələsində bəzi futbolçuları tempdə saxlamaq üçün onlara üç günlük məşq keçdik. İyunun 3-dən etibarən komanda şəklində tam heyətlə məşqlərə başladıq. Bolqarıstana qarşı keçirilən son oyundakı modeli daha da təkmilləşdirməyə çalışdıq. Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq. Futbolçuların hazırlığından razı qaldım, onların münasibəti yaxşı oyuna ümid verir. Rəqibdən asılı olmayaraq, hər bir oyun bizim üçün əlavə motivasiyadır. Qazaxıstan yığması ilə bir-birimizi daha yaxşı tanıyırıq. Düzdür, əvvəllər Albaniya ilə qarşılaşmışıq. Son dövrlərin Albaniya yığması isə iki dəfə Avropa çempionatına vəsiqə qazanmış kollektivdir. Bu da onların gücünün göstəricisidir. Ancaq komanda şəklində intizamlı oynasaq, rəqibə imkan vermərik və istəyimizə nail olarıq”.