Azərbaycan milli komandasının Millətlər Liqasının B liqasına yüksəlməyəcəyi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, bu, V turda keçirilən matçlardan sonra bəlli olub.

Xorvatiyanın Zapreşiç şəhərində Monteneqronu qəbul edən Canni de Byazinin yetirmələri rəqibi ilə qolsuz bərabərə qalıb. Yığmamızın yer aldığı 1-ci qrupun digər qarşılaşmasında Kipr öz meydanında Lüksemburqa 2:1 hesabı ilə qalib gəlib.

Qeydə alınan nəticələrlə son tur öncəsi millimizlə liderliyə yüksələn Monteneqro arasında xal fərqi 5-də qalıb. Bununla qrup birinciliyini əldən verən milli komandamızın D liqasına düşmək təhlükəsi isə hələ də davam edir.

Qeyd edək ki, Azərbaycan yığması son tur çərçivəsində noyabrın 17-də Lüksemburqun qonağı olacaq.