Ali Məhkəmənin açıqladığı qərar “Real Madrid” klubunun La Liqaya qarşı iddiasında bir daha haqlı olduğunu təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, qərar 2015-ci ildə La Liqa tərəfindən hüquqi səlahiyyət olmadan edilən və klubların audiovizual gəlirlərinin bölüşdürülməsini dəyişən qanunsuz nizamnamə dəyişikliyinin tamamilə etibarsız olduğunu bildirir.
Məhkəmənin qərarına əsasən, həmin mövsüm üçün qüvvədə olan bölüşdürmə qaydaları bərpa olunur:
-
La Liqa klubları – gəlirlərin 60%-i
-
İkinci Liqa klubları – gəlirlərin 40%-i
-
Hər kateqoriya daxilində klublar arasında bərabər bölüşdürmə
Bu qərarla 2015/16 mövsümündə İkinci Liqada oynamış klublara — "Alaves", "Albasete", "Alkoron", "Almeriya", "Bilbao Atletik B", "Kordoba", "Elçe", "Ximnastik de Tarrakona", "Xirona", "Ueska", "Leqanes", "Llagostera", "Luqo", "Mayorka", "Mirandes", "Numansiya", "Osasuna", "Ponferradina", "Real Oviedo", "Tenerife", "Real Valyadolid", "Real Sarqosa" — təxminən 88 milyon avro əlavə ödəniş edilməlidir.
Eyni zamanda "Real Madrid" də qanuni olaraq ona çatmalı olan, lakin verilməmiş 8,8 milyon avronu geri alacaq.
Ali Məhkəmə La Liqanın apellyasiyasını tam olaraq rədd edib və Milli Məhkəmənin daha əvvəl “Real Madrid”in xeyrinə verdiyi qərarı təsdiqləyib.
Bu qərar həm həmin mövsümdə İkinci Liqada çıxış etmiş klubların, həm də “Real Madrid”in iqtisadi maraqları üçün böyük əhəmiyyət daşıyır. Ali Məhkəmə beləliklə təsdiqləyir ki, La Liqanın 2015-ci ildəki addımları “Real Madrid” və sözügedən klublara qarşı qanunsuz və zərərli olmuşdur.



