“Barselona” İngiltərənin “Mançester Yunayted”in hücumçusu Markos Raşfordun transferi ilə bağlı planlarını aktiv şəkildə müzakirə edir.

Offsideplus.az Sport.es nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar 27 yaşlı futbolçuya maraq göstərsələr də, "Mançester Yunayted"in tələb etdiyi 40 milyon avro məbləğini ödəməyə hazır deyillər. Bunun əvəzinə, “Barselona” futbolçunu mövsümlük ödənişli icarəyə götürmək və daha sonra onu almaq hüququ ilə transfer etmək istəyir. İcarə üçün ödənişin 5-10 milyon avro aralığında ola biləcəyi qeyd olunur.

Bundan əlavə, “Barselona” oyunçunun əmək haqqısını da tam şəkildə qarşılayacaq. Hazırda Raşfordun "Mançester Yunayted"də illik maaşı təxminən 10 milyon avro təşkil edir. Lakin futbolçunun “Barselona”ya keçid uğrunda bu məbləğin azaldılmasına razı olduğu bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, "qırmızı şeytanlar" yalnız transfer pəncərəsinin sonlarına yaxın, Raşford digər komandaların təkliflərini rədd etdiyi halda bu variantı dəyərləndirə bilərlər.