Madridin "Real" klubu "Liverpul"un ingilis müdafiəçisi Trent Aleksander-Arnoldla 5 illik müqavilə bağlamaqda razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano şəxsi "X" (əvvəllər Twitter) hesabında məlumat yayıb. Hazırda İspaniya klubu futbolçunun keçidini rəsmiləşdirmək üçün sənədləşmə işlərini həyata keçirir. "Liverpul" akademiyasının yetirməsi olan futbolçunun hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. Bu gün isə o, rəsmi olaraq Premyer Liqa klubundan ayrıldığını bəyan edib.

Daha əvvəl mətbuatda yayılan xəbərlərə əsasən, Trent Aleksander-Arnold yay transfer pəncərəsində "Real"a azad agent kimi qoşulacaq. Aleksander-Arnoldun illik maaşı 15 milyon avro olacaq. Bundan əlavə, futbolçunun gəlirlərinə performansa əsaslanan müxtəlif bonuslar da daxil ediləcək. Bu məbləğ onun “Liverpul”da qazandığından daha yüksək olsa da, "Real Madrid"in ən çox maaş alan oyunçuları ilə müqayisədə nisbətən aşağıdır.

Hazırda klubun ən yüksək gəlir əldə edən futbolçuları sırasında Vinisius Junior və Kylian Mbappe kimi ulduzlar yer alır. Onların illik qazancı Aleksander-Arnolddan xeyli yüksəkdir.