"Ən çox məğlub elədiyimiz komanda qonşularımızdır. Uduzmağımız o deməkdir ki, növbəti gün azarkeşlərimiz ofisdə, barda, küçədə ələ salınaraq əziyyət çəkəcəklər". Bu sözləri "Real"ın bütün zamanlarının əfsanəsi Alfredo Di Stefano Madrid derbisinin əhəmiyyətindən danışarkən deyib.

Offsideplus.az xəbər verir ki, bu gün İspaniya La Liqasının 13-cü turunda "Real" "Atletiko" arasında Madrid derbisi baş tutacaq. Hazırda La Liqaya 26 xalla liderlik edən "Atletiko Madrid" bu mövsüm başladığı heç bir oyunda məğlub olmazkən, 4-cü yerdə qərarlaşan "Kral klubu" 2 tur öncə "Alaves"ə (1:2) uduzub. La Liqa-ya istinadən derbinin yaranma tarixi, keçmişindən bu günə qədər olan nəticələri və çox az insanın bildiyi bir çox faktları təqdim edirik:

Əvvəlcə yaranma tarixlərindən başlayaq. 1903-cü ildə baş tutan "Kopa del Rey" finalında "Atletik Bilbao" və daha sonralar "Real Madrid" adlanacaq "Real" klubu qarşılaşmışdı. "Kral klubu"nun oynamaq tərzini bəyənməyən bir neçə Bask tələbəsi 18 gündən sonra Madrid əsaslı "Atletik" klubunu yaratdılar. Bu klub sonradan "Atletiko Madrid" kimi milyonlarla insanın sevimlisinə çevriləcəkdi.

Bundan sonra baş tutan derbilərdən "Atletiko" üçün ən uğursuzu 1999-cu ildən 2013-cü ilə qədər olmuşdu. 14 il müddətində "Real" üzərində qələbə qazana bilməyən "Atletiko"ya zəfəri 2013-cü ildə Dieqo Simeonenin gəlişi daddırdı. O vaxtdan bəri keçirilən 27 oyundan 8-i qələbə, 11-i heç-heçə, 8-i isə məğlubiyyətlə yekunlaşıb.

"Real"ın qələbələrini qeyd etdiyi yer kimi tarixə keçən Sibeles meydanında bu axımı ilk dəfə "Atletiko" azarkeşləri yaradıblar. 1977-ci ildə La Liqa titulunu qazandıqdan sonra meydana axışan "Atletiko" tərəfdarlarının bu hərəkəti sonradan digərləri tərəfindən təqlid olunmağa başladı.

Qeyd edək ki, "Real Madrid" - "Atletiko" görüşü bu gün Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.