Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Zirə" - "DAC 1904" (4:0) matçından sonra qonaq komandanın baş məşqçisi Xisko Munyos mətbaut konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı düşüncələrini bölüşüb:

"Məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Görünür, oyunçulara istədiyimi çatdıra bilməmişəm. Xalqımızdan üzr istəyirəm. Geridönüş etmək çətin olacaq. Rəqib daha yaxşı və istəkli idi. Səhvlərdən nəticə çıxarıb, daha yaxşı oyun sərgiləməliyik. Oyundakı epizodları düzgün qiymətləndirmək lazımdır. Bəzən sürəti artırmaq, bəzən isə oyunun tempini aşağı salmaq lazımdır. Pozitiv insanam, gələcəyə yaxşı baxmalıyıq. Belə hallar olur, bu kimi nəticələr bəzən səni özünə qaytarır". 

Mütəxəssis növbəti mərhələ üçün ümidli olduqlarını dedi:

"Komandama inanıram. Bacarıqlarına bələdəm. Hansı məqamlarda səhvlər etdiyimizi bilirik. Onların üzərində daha yaxşı çalışmalıyıq. Komanda ruhu olmalıdır. Cavab qarşılaşması çətin olacaq. Növbəti mərhələ üçün ümidliyəm. Mümkünsüz nəsə yoxdur".