Azərbaycan şahmatçıları Eltac Səfərli və Gülnar Məmmədova təltif olunublar.

Offsideplus.az xəbər verir ki, onlar Gürcüstanın Batumi şəhərində təşkil edilən komandalar arasında Avropa çempionatında öz lövhələrində fərqləndiklərinə görə buna layiq görülüblər.

Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medalı əldə edib.

Şahmatçı 3 qələbə və 4 heç-heçə edərək bütün həmkarlarını qabaqlayıb.

Gülnar Məmmədova isə dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan şahmatçıya bağlanış mərasimində bürünc medal təqdim olunub.

Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib.

Qeyd edək ki, mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.