Kişi boksçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı məqsədilə bu gün Qazaxıstanın paytaxtı Astanaya yollanacaq.
Offsideplus.az xəbər verir ki, iyunun 28-də yekunlaşacaq toplanışda milli komandamız ABŞ, Kanada, Belçika, Qazaxıstan, İsveçrə və Avstraliya ilə birgə məşq edəcək, sınaq döyüşləri keçirəcək.
Hazırlıqda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Zəlimxan Süleymanov, Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər üçü 60 kq), Zaur Qəhrəmanov, Malik Həsənov (hər ikisi 65 kq), Nəbi İsgəndərov (70 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+90 kq) iştirak edəcəklər.
Hazırlığın yekununda Zaur Qəhrəmanov, Məhəmmədəli Aşurəliyev və Zəlimxan Süleymanov Bakıya dönəcək, digər boksçularımız Qazaxıstanda keçiriləcək Dünya kubokuna qatılacaq. Bu yarış iyunun 30-dan iyulun 7-dək davam edəcək. Dünya kubokunda, həmçinin qadın boksçularımızdan Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq) və Aynur Mikayılova (57 kq) mübarizə aparacaq.
Qeyd edək ki, qadınlardan ibarət millimiz isə Türkiyənin Kastamonu şəhərində hazırlıq keçir.