İyunun 4-də Polşada Beynəlxalq Çövkən Federasiyasının III Baş Assambleyası və Avropa Çempionatının püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə baş tutan assambleya zamanı federasiyanın fəaliyyət dairəsi daha da genişlənərək, 12 yeni ölkənin üzvlüyü qəbul olunub. Yeni üzv ölkələr bunlardır: Boliviya, Braziliya, Kolumbiya, Kosta Rika, Meksika, Misir, Niger, Peru, Rumıniya, Sudan, Tailand və Yeni Zelandiya.
Tədbirdə qarşıdakı kontinental çempionatların tarixləri və məkanları da açıqlanıb. Belə ki, Çövkən üzrə Asiya Çempionatı sentyabr ayının əvvəlində Özbəkistanda, Afrika Çempionatı sentyabrın sonunda Nigeriyada, Cənubi Amerika Çempionatı isə noyabr ayının sonunda Argentinada keçiriləcək.
Assambleyada çıxış edən Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev Azərbaycan Respublikasında dövlət səviyyəsində bu qədim milli oyuna göstərilən diqqət və dəstəyi xüsusi vurğuladı. O, qeyd etdi ki, bu sahənin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaratdığı imkanlar Çövkənin beynəlxalq arenada tanınmasında və yayılmasında nümunəvi modelə çevrilmişdir.
Assambleya çərçivəsində 5–8 iyun tarixlərində Polşada keçiriləcək Çövkən üzrə Avropa Çempionatının püşkatma mərasimi də baş tutdu. Turnirdə iştirak edəcək altı ölkənin qarşılaşmaları da müəyyənləşib: Polşa – Macarıstan, Azərbaycan – Türkiyə və Malta – Böyük Britaniya matçları baş tutacaq.
Çempionatın açılış oyunu 5 iyun tarixində, Polşa yerli vaxtı ilə saat 16:00-da keçiriləcək.