Mövsümün 2-ci "Böyük Dəbilqəsi" olan "Rolan Qarros" turnirində mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün sonuncu 4-cü tur qarşılaşmaları keçirilir. Almaniyalı Aleksandr Zverev bu mərhələdə Tellon Qriksporla üz-üzə gəlib. Qrikspor 2-ci setdə 0:3 hesabı ilə geridə olarkən oyundan çəkilməli olub. O, ilk setdə də rəqibinə məğlub olmuşdu - 4:6.

Beləliklə, Zverev 1/4 finala yüksəlib.

Onun bu mərhələdəki rəqibi isə Novak Cokoviç olacaq. Serbiyalı tennisçi Kemeron Norrie ilə matçda rəqibinə aman verməyib - 6:2, 6:3, 6:2.

Bu qələbə eyni zamanda keçmiş dünya 1 nömrəsinin "Rolan Qarros"da 100-cü zəfəri olub. O, Rafael Nadaldan sonra burada 100 qələbəyə çatmağı bacaran 2-ci tennisçi olub.

Bu görüş Zverevle Cokoviç arasında sayca 14-cü qarşılaşma olacaq. İndiyə qədər keçirilən oyunların 8-də Cokoviç, 5-də isə almaniyalı tennisçi qalib gəlib.