"Rəqib Premyer Liqa təcrübəsi olan klubdur. Elitaya vəsiqə qazanacaq əsas namizədlərdən biridir. Bizim üçün çətin rəqibdir. Nəzərə alsaq ki, görüş səfərdə baş tutacaq bizi ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşırıq. Qəbələdən ən azı bir xalla dönməyə çalışacağıq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov I Liqanın ilk turu çərçivəsində "Qəbələ"yə qarşı keçiriləcək oyun haqqında danışarkən bildirdi.
Bölgə təmsilçisinin çalışdırıcısı komandada bəzi problemlərin olduğunu qeyd etdi:
"Klub yeni mövsümə hələki tam hazır deyil. Komanda komplektləşməyib deyə heyəti müəyyənləşdirməkdə çətinlik çəkirik. Çünki bir neçə yeni transfer gözlənilir və zədəli futbolçularımız da var. Bu kimi amillər tam heyətlə məşq etməyimizə mane olur. Çempionat başlayana kimi problemləri aradan qaldırıb hədəfimiz olan birincilik üçün mübarizə aparacıq".