"Ulduzlar" Akademiyası Mingəçevirin futbol potensialını ortaya çıxarmaq məqsədini güdür.
Əsas amal istedadlı uşaqları ölkə futboluna qazandırmaqdır. Yeni təşəbbüs və konkret planlarla bağlı Elnur Qasımova üz tutduq. Akademiyanın içraçı direktoru Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Klubumuzun məqsədi mingəçevirli istedadlı uşaqları ölkə futboluna qazandırmaqdır. Rəhbərlikdə olan klubumuzun təsisçisi Ruslan Həmidov "Mingəçevir" idarə heyətinin sədr müavinidir və öz işindədir. Uşaqların yetişdirilməsi məsələsinə gəldikdə isə, akademiyamıza Mingəçevirdən 6-12 yaş arası futbolçuların seçimini həyata keçirəcəyik. İlk uğurlarımızı 5 ildən sonra gözləyirik. Gələcəkdə sərhədlər açılandan sonra ulduzlarımızı minimum ildə 1-2 dəfə Gürcüstan və ya Türkiyəyə seçimlərə aparmaq və turnirlərdə iştirak etdirmək niyyətindəyik. Klubumuz uşaqlara tam təmənnasız xidmət edəcək. Hazırda 1 sponsorla anlaşmışıq, xırda detallar qalıb və yaxın günlərdə bunu açıqlayacağıq. Əlavə olaraq, sponsor və ya dəstək olmaq istəyən 2 nəfərlə də danışıqlar gedir. Seleksiya seçimlərindən sonra bu il komandamızın U10, U11, U12 və U13 liqalarında çıxış etməsini planlaşdırırıq."