Azərbaycan I Liqasında mübarizə aparan “İmişli”nin baş məşqçi postuna Fərid Namazov təyin olunub. 

Yeni çalışdırıcının gəlişini şərh etməsi üçün klubun icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxladıq. 

Aran təmsilçisinin rəsmisindən bunları soruşduq:

"Baş məşqçi ilə müqavilənin müddəti nə qədərdir?"

"Yeni məşqçidən əsas tələb və şərtləriniz nələrdir?"

"Təyinat videosu niyə Tofiq Bəhramov adına Respublika stadionunda çəkilib? Klub Bakıya köçür?"

Aqşin Mürsəlov Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Fərid bəy bu camiədə olan gənc, savadlı və perspektivli məşqçilərimizdəndir. Buna görə də bizim marağımızı cəlb etdi. Rəhbərliklə verdiyimiz son qərar Fərid bəyin "1+1" şərti ilə komandanın sükanı arxasına keçməsi oldu.

Qarşıda maraqlı və gərgin çempionatın bizi gözlədiyini bilirik. Buna görə də hazırlıqlarımız davam edir. Bizim üçün bütün komandalar ciddi rəqibdir və hər oyun, hər xal həlledicidir. Hədəfimiz Premyer Liqadır. Fərid bəy bizim şərtlərlə tam olaraq tanışdır. Bunun üçün heyətimizi formalaşdırmağa, infrastrukturda olan çatışmazlığı aradan qaldırmağa çalışırıq. Uzun zamandan sonra İmişliyə böyük futbolun qayıtmasına nail olacağımıza inanırıq. Bunun üçün bizə inanan və dəstək göstərən hər kəsə öz təşəkkürümüzü bildiririk.

Xeyr. Bakıya köçmürük. Klub İmişlidə çıxış edəcək. Hər kəs yeni baş məşqçinin marağında idi. Təqdimatın tez olması üçün Bakını seçdik. Lakin İmişlidə başqa imzalama mərasimi də keçiriləcək."