AFFA Gənclər Liqasında 2024/2025 mövsümünün qalibləri mükafatlandırılıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir “ASK Arena”da təşkil olunub.

Çempionatda 3-cü yeri tutan “Qarabağ” bürünc, 2-ci pillənin sahibi “Qəbələ” gümüş medallarla təltif olunub.

Çempion “Sabah”a isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub.

Son turda “poker”ə imza ataraq ümumi qol sayını 45-ə çatdıran və bombardirlər yarışında birinci pilləyə yüksələn “Qəbələ”nin futbolçusu Rəvan Əsədov ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub.

İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayevin rəyinə əsasən, mövsümün ən yaxşı oyunçusu “Qarabağ”ın üzvü Hikmət Cəbrayılzadə seçilib.

Mükafatlandırma mərasimində AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov iştirak ediblər.