"Turan Tovuz" Futbol Akademiyasında perspektivli uşaqların seçimlərinə start verilib.

Bununla bağlı Offsideplus.az saytına məlumat verən akademiyanın rəhbəri Eltay Aslanov bildirib ki, Tovuz şəhər stadionunda təşkil olunan seçim turuna böyük maraq var.

"Baxışa gələnlər əsasən ətraf rayonlardan Tovuza təşrif buyurublar. Ağstafa, Qazax, Gəncə, Göygöl, Mingəçevir, Qax, Balakən, Quba, Qusar, hətta Sumqayıtdan gələnlər var. Tovuzun yalnız kəndlərindən bir neçə uşaq seçimlərə qatılıb. Əsasən ətraf rayonlardan gələnləri baxışdan keçirmək istəyirik, çünki tovuzlu uşaqlar onsuz da bizim nəzarətimiz altındadır", - deyə E.Aslanov bildirib.

Seçimlər 4 gün ərzində aparılacaq. Bu gün 2012, 2013 və 2014-cü il təvəllüdlü uşaqlar bacarıqlarını nümayiş etdirirlər. Onların arasında ən perspektivliləri sabah təkrar baxışdan keçiriləcək.

Eyni qayda üzrə 2008, 2009, 2010, və 2011-ci il təvəllüdlü uşaqlar iyunun 5-6-da "Turan Tovuz" Futbol Akademiyasının məşqçiləri tərəfindən sınaqdan çıxarılacaq.

Baxışdan uğurla keçənlər növbəti mərhələlərdə "Turan Tovuz" Futbol Akademiyasına cəlb olunacaqlar.