"Sabah" klubunun dünən gecə saatlarında futbolçu Elvin Camalovla bağlı yaydığı sensasiyalı bəyanatına "Neftçi" tərəfi reaksiya göstərib.
Offsideplus.az saytının məsələ ilə bağlı sorğusuna "ağ-qaralar"ın mətbuat katibi Asəf Zeynallı cavab verib.
Klub rəsmisi hazırda araşdırma aparıldığını bildirib: "Məsələ diqqətimizdədir. Araşdırma aparlır. Lazım gəlsə, məsələ ilə əlaqədar rəsmi bəyanat verəcəyik".
A.Zeynallı ittihama dair digər suallara cavab vermək istəməyib: "Biz bütün media mənsublarına eyni cavabı veririk. Çünki məsələ araşdırılır. Rəsmi açıqlama olarsa, "Sabah"ın bəyanatındakı detalların hamısına aydınlıq gətiriləcək".
Qeyd edək ki, "Sabah" rəhbərliyi keçmiş kapitanı, hazırda "Neftçi"nin şərəfini qoruyan Elvin Camalovu peşəkar etika qaydalarını pozmaqda ittiham edir. Bəyanata görə, 30 yaşlı yarımmüdafiəçi aprelin 2-də ölkə kubokunun yarımfinal görüşü ərəfəsində "Sabah"ın bir futbolçusu ilə 2 dəfə əlaqə saxlayaraq, ona "Neftçi"yə transfer olmağı təklif edib.