Ukrayna çempionatının V turunda yarımçıq dayandırılmış "Krivbas" - "Şaxtyor" matçı 228 gündən sonra başa çatıb.
Offsideplus.az xəbər verir ki, bu oyun 2024-cü il sentyabrın 1-də Krivoy Roq şəhərində start götürüb.
Qarşılaşmanın 51-ci dəqiqəsində, hesab 1:0 "Şaxtyor"un xeyrinə olarkən, Rusiya Silahlı Qüvvələrinin raket hücumlarına görə həyəcan siqnalı verilib və oyun yarımçıq dayandırılıb.
Ukrayna Futbol Assosiasiyası görüşün qalan hissəsinin yalnız bu gün oynanılmasına qərar verib.
Maraqlıdır ki, oyununun protokoluna adı düşən bir neçə futbolçu artıq heyətdə yoxdur. "Şaxtyor"un kapitanı və "Krivbas"la matçda hesabı açan Taras Stepanenko bu ilin yanvarında Türkiyənin "Eyupspor" klubuna keçib. Danilo Sikan və Aleksandr Zubkov isə "Trabzonspor"a transfer olunub.
Bu gün qarşılaşma bərpa olunandan 11 dəqiqə sonra, yəni 62-ci dəqiqədə "Şaxtyor" fərqi 2 topa çatdırıb. Qoldan dərhal sonra Krivoy Roqda yenə həyəcan siqnalı çalınıb.
Bu dəfə futbolçuların bəxti gətirib. Belə ki, bir neçə dəqiqədən sonra görüş bərpa edilib.
Matçın sonlarında "Krivbas" fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib - 1:2.
"Şaxtyor" qələbə sayəsində xalını 54-ə çatdırıb və lider "Dinamo" ilə xal fərqini 6-ya endirib. Ukrayna Premyer Liqasının başa çatmasına cəmi 6 tur qalıb.
Onu da əlavə edək ki, Krivoy Roq Ukrayna prezidenti Volodimir Zelenskinin doğulduğu şəhərdir. Ruslar xüsusi bu şəhərə tez-tez raket zərbələri endirirlər.