AFFA-nın baş katibi Cahangir Fərəcullayev Yevlaxa səfər edib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun rəsmisi səfər zamanı Yevlax şəhər stadionu, eləcə də stadionun ərazisində tikilmiş baza və "Karvan" klubunun əvvəlki bazası, məşq meydançaları ilə tanış olub.

C.Fərəcullayevi AFFA-nın baş katibinin müavini Kamran Vəliyev və Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev müşayiət ediblər.

"Karvan” klubunun nümayəndələri stadionun durumu və bazada görülən işlər barəsində qonaqlara məlumat veriblər.

Yevlax şəhər stadionunun ərazisində tikilən iki mərtəbədən ibarət yeni bazada 29 otaq mövcuddur. Bundan başqa, bazada inzibati otaqlar, konfrans və trenajor zalı var.

Qeyd edək, "Karvan" gələn mövsüm Misli Premyer Liqasında çıxış etməyə real namizəddir.