Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypersi qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş zamanı Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.
Qəbulda AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker də iştirak ediblər.
Qeyd edək ki, Byorn Kuypers karyerası ərziində çoxsaylı vacib oyunlar idarə edib. O, iki dəfə dünya (2014, 2018), üç dəfə isə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FIFA klublararası dünya çempionatı, FIFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə təyinat alıb.
Onu da əlavə edək ki, B.Kuypers səfər proqramı çərçivəsində bu gün azərbaycanlı hakimlər üçün seminar keçirəcək. Daha sonra FIFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq.